20 Noyabr 2019
Həsrət Rüstəmov:  "Biz həmişə birliyin tərəfdarı olmuşuq"
Həsrət Rüstəmov: "Biz həmişə birliyin tərəfdarı olmuşuq" MÜSAHİBƏ 10:55 2019-10-26

Məlum olduğu kimi, müxalifət düşərgəsi xeyli müddətdir ki, vahid mövqeyə gələ bilmir. Son iki ildə yaranan birliklərin ömrü isə qısa olub. Ya liderlər arasındakı şəxsi münasibətlər üzündən parçalanma olub, ya da ümumiyyətlə, birlik müzakirələri baş tutmayıb. Amma son günlər birlik istiqamətində təşəbbüslər davam etməkdədir.

Bu və ya digər suallarla bağlı "Unikal" qəzetinə müsahibə verən ADP sədrinin müavini Həsrət Rüstəmov müxalifət daxilindəki vəziyyətlə bağlı maraqlı məqamlara toxunub.

-Həsrət bəy, hazırda müxalifətin vahid movqeyə gəlməsi, birliklərin yaradılması məsələsi müzakirədədir? Siz bu istiqamətdəki təşəbbüsləri necə dəyərləndirirsiz?

-Müxalifətin birliyi məsələsi əslində həmişə aktual və gündəmdə olan məsələdir. Amma seçkiqabağı, hakimiyyət uğrundakı mübarizənin fəallaşdığı dönəmlərdə təbii olaraq bu cür təşəbbüslərin sayı və intensivliyi artır. Hazırda bu məsələdə xüsusi olaraq seçilən fəaliyyət müşahidə etməsək də, qarşımızdakı bir il ərzində növbəti parlament seçkilərinin keçirilməsi ərəfəsində müxalif siyasi qüvvələrin birlik istiqamətində fəaliyyətlərinin daha da fəallaşacağını güman etmək olar.

- Müsavat başqanı Arif Hacılı müxalifəti vahid mövqeyə gəlməyə, birgə müzakirələrə çağırıb. Çağırışda Əli İnsanovdan başlayaraq, bir çox şəxsin adı var, amma nə Sərdar Cəlaloğlunun nə də ADP-nin adı var. Bu çağırışı necə dəyərləndirirsiniz?

-Arif bəyin mövqeyi ilə tanış deyiləm. Hətta ADP-nin adını qəsdən unudubsa belə, Müsavat başqanının və ya istənilən bir siyasətçinin birliklə bağlı təşəbbüslərinin dəstəklənməsini zəruri hesab edirəm. Azərbaycan müxalifətinin indikindən qat-qat güclü olan vaxtları olub. O cümlədən ADP-nin indikindən fərqli olaraq təkbaşına hakimiyyətə iddia edəcək səviyyədə gücü və imkanı olan vaxtlar olub. Hətta o zaman biz həmişə birliyin tərəfdarı olmuşuq. Çünki əgər biz indiki hakimiyyətdən fərqli olaraq demokratik dəyişikliklər etmək istəyiriksə, ilk növbədə kompromis və qarşılıqlı əməkdaşlıq kimi demokratiyanın mühüm elementlərini təcrübədə təsdiq etməli və xalqa nümayiş etdirməliyik ki, seçicilərin böyük dəstəyini qazana bilək. Eyni zamanda, onu da nəzərdən qaçırmamalıyıq ki, avtoritar rejimlərdən demokratiyaya keçid, demokratiya tərəfdarlarının sıx birliyini tələb edir. Məğlubiyyətimizin əsas səbəbi fikrimcə məhz budur: bu xalqa rəhbərlik haqqı olmayanlar, həmişə bu haqqı olanlardan daha yaxşı birləşə bilib. Yaxın tariximiz də göstərir ki, hazırkı hakimiyyətin bu qədər davam etməsinin mühüm bir səbəbi də müxalifətin birləşə bilməməsi və ya hakimiyyətin bunun baş verməməsi üçün ciddi işləməsidir.

-Ümumiyyətlə, ADP-siz müxalifətin birliyi mümkündürmü?

-Mən desəm ki, ADP-siz müxalifətin birliyi mümkün deyil bu qeyri səmimi olar. Və ya tam səmimi olaraq deyirəm ki, əgər şəxsən mən və partiyaçı dostlarım bilsə ki,ADP-nin kənarda qalması müxalifətin böyük birliyinin yaranmasının şərtidir, buna ürəkdən dəstək verər və birlikdən kənarda bacardığımız qədər xalqın qələbəsi üçün fəaliyyət göstərərik. Amma fakt budur ki, ADP və onun sədrinin birlik, demokratiya uğrundakı mübarizəyə verə biləcəyi dəstəyi əvəz etmək mümkünsüzdür.

-Amma sonuncu Prezident seçkilərinə Sərdar Cəlaloğlunun qatılması Müsavat və AXCP-nin boykot qərarının əleyhinə idi. Bəlkə elə Sizi özlərinə yaxın bilmirlər? Hətta sizi Hakimiyyətlə işbirliyində də suçlaya bilərlər?

-Həmin seçkilərdəki mövqeyimizi kifayət qədər açıqlamışdıq. Həmin seçki dövründə Sərdar bəyin teleçıxışları müxalif düşüncənin oturuşmasına, xalqın siyasi maariflənməsinə olduqca böyük faydası oldu. Bunu hətta seçkilərə qatılmamağı mövqe seçən həmin siyasi qrupların bəzi üzvləri də sonradan etiraf etdilər. Seçkilərin boykot edilməsi mövqeyini əvvəllər biz də müdafiə etdiyimiz vaxtlar olub. Amma təcrübə göstərdi ki, seçkilərin baykotu olduqca çətin, ölkədən kənar faktorlara çox bağlı və inqilab səviyyəsində sosial enerji və imkanlar tələb edir. Halbuki bu şərtlər nə dünən var idi, nə də bu gün var. Ona görə də bu artıq bizim üçün cavabı tapılmış məsələdir ki, seçkinin verdiyi bütün imkanlardan xalqın xeyrinə bəhrələnmək vacibdir. 

-Belə sual çıxa bilər ki, ADP nə qazandı?

-ADP-nin son prezident seçkilərində irəli sürdüyü ideya və siyasi şüarlar xalqın siyasi oyanışı və hakimiyyət əleyhinə mübarizəyə böyük təkan verdi. Məsələn bu gün hamının səsləndirdiyi, hakimiyyətin də həll edə bilmədiyi uşaqlara müavinətin verilməsi məsələsini məhz həmin seçkilər zamanı ADP sədri özünəməxsus və yaddaqalan şəkildə qaldırmışdı. Bu gün bilirsiniz ki, bu məsələ xalqın hakimiyyətdən tələb etdiyi ən mühüm mesajlardan birinə çevrilib. Yəni, düşünən adamlar bilirlər ki, ADP-nin həmin dövrdəki fəaliyyəti xalqın və müxalifətin xeyrinə olub. Siyasəti qeybət məclisinə çevirənlərin isə nə deməsinin elə bir əhəmiyyəti yoxdur.

-Həsrət bəy, bir məsələni də soruşmaq istəyirəm. Bəzən müxalifət Qərbdən, beynəlxalq təşkilatlardan dəstək umur,onların hakimiyyətə təzyiq etməsini gözləyir. Sizcə, bu yanaşma tərzi nə dərəcədə doğrudur?

-Demokratiyada beynəlxalq əməkdaşlıq mühüm şərtlərdən biridir. Azərbaycanda demokratiya fədailərinin də beynəlxalq demokratik təşkilatlardan və dünyaya özünü demokratiya dəstəkçisi kimi tanıdan dövlətlərindən və xalqlardan dəstək gözləməsi əslində  olduqca anlaşılandır.Amma bu məsələdə bir şeyi nəzərə almalıyıq ki, nə beynəlxalq təşkilatlar nə də demokratik dünya bizə gözlədiyimiz və demokratiyanın bu bölgədə gerçəkləşməsi üçün yetərli olan dəstəyi indiyədək verməyiblər. Əksinə bir çox hallarda nəinki dəstək verməyiblər, hətta mane olmağa, qarşı tərəfi dəstəkləməyə cəhdlər ediblər. Bunun müxtəlif səbəbləri var. Həm region, dini bağlılıq, dünyagörüş fərqi və s. Amma başlıca səbəb içdən xalqın lazımı səviyyədə birləşə bilməməsi və demokratiya uğrunda ardıcıl və kütləvi fədakarlığın olmamasıdır. Əgər bizim xalqımız özünün bugünkü vəziyyəti ilə barışmağa davam edirsə, demokratiyaya beynəlxalq dəstək gözləmək sadəlöhvlükdən başqa bir şey deyil.

- Axı, həmin təşkilatların və dövlətlərin öz maraqları var. Onlar öz maraqlarını Azərbaycan cəmiyyətinin maraqlarından üstünmü tutacaqlar?

-Bəli, məsələnin digər və mühüm olan tərəflərindən biri də hər bir dövlətin və xalqın öz maraqları məsələsidir. Bizim beynəlxalq səviyyədə aparmalı olduğumuz siyasət həm də bu olmalıdır ki, biz bütün bu maraqları nəzərə alaraq xalqımızın böyük problemlərinin həllində, o cümlədən ümummilli məsələlər və demokratiya məsələsində maraqların uzlaşmasına nail olmaqdır.Hər şeydən əvvəl biz dünyaya demokratiya istəklərimizi sübut etməliyik, elə etməliyik ki, qərb dövlətlərinin bizim xalqımıza demokratik dəstək verməsi üçün onların xalqları hökumətlərinə təzyiq etsin. Bu çox çətin və uzunmüddətli işdir, amma mümkündür.Dünyaya sübut etməliyik ki, biz demokratik dəyərlərə mənsub toplumuq.

Z.Məmmədli