“Qarabağ müharibəsinin bitməsi haqda Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı üçtərəfli bəyannamənin müddəalarının aradan ay yarım keçməsindən sonra konkretləşdirilməsinə ehtiyac var. Xüsusən də söhbət İrəvanın Azərbaycan ərazisində yaratdığı strukturların taleyindən gedir, çünki ağır silahlara və bütün hərbi infrastruktura malik erməni hərbçiləri hələ də oradadır”.

Unikal.org  “Vestnik Kavkaza”ya istinadən xəbər verir ki, bu barədə tanınmış rusiyalı hərbi icmalçı Pavel Felgenhauer erməni qanunsuz silahlarının Azərbaycanın Xocavənd bölgəsində hərbçilərimizə növbəti xain hücumunu şərh edərkən deyib.

“Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat məzmunca çox qısadır, çünki sürətli bir rejimdə qəbul olunub və buna görə də artıq konkretləşdirilməsinə ehtiyac yaranıb. O sırada Qarabağ bölgəsinin azad edilməmiş ərazilərində qalan erməni silahlı qüvvələrinin aqibəti orada əksini tapmayıb. Əgər Ağdam, Kəlbəcər və Laçın rayonlarından Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin müəyyən müddət ərzində geri çəkilməli olduqları açıq şəkildə bildirilirsə, bu silahlılar haqda məlumat yoxdur. Halbuki orada hələ də heç kəs tərəfindın tanınmayan bir rejimdə “prezident”, “parlament”, “özünü müdafiə ordusu” öz mövcudluğunu saxlamağa davam edir”, - deyə Felgenhauer qeyd edib (Qarabağdakı saxta strukturları seçdirmək üçün əlavə edilən dırnaqlar bizimdir - red).

Onun sözlərinə görə, tərəflər artıq bu ərazidəki silahlı ermənilərlə nə etmək barədə qərar verməlidir: “Özlərinin dediyi kimi, orada könüllülər, Ermənistanın silahlı vətəndaşları var, silahlı yerli əhali var. Qarabağdakı ermənilərdə kifayət qədər çox sayda silah qalıb. Söhbət təkcə Kalaşnikov avtomatlarından yox, həm də ağır silahlardan, hərbi infrastrukturdan və qərargahlardan gedir. Bütün bunlarla nə etməli? Danışıqların növbəti istiqaməti bu olmalıdır”.

Hərbi ekspert hesab edir ki, həmin insanların ətrafında kordon kimi dayanan Rusiya sülhməramlıları yalnız müşahidə funksiyalarını yerinə yetirir: “Üçtərəfli bəyanata görə, onlar nə silahdan istifadə etmək səlahiyyətlərinə, nə də imkanlarına malikdirlər. Bu, kiçik bir hərbi kontingentdir və heç ağır silahları da yoxdur. Onlar BMT Nizamnaməsinin 5-ci maddəsinə uyğun şəkildə sülhməramlı qismində çıxış edirlər. Yəni yalnız nəzarət edə, ərazini tərk etmək və ya silahı təhvil vermək istəməyənlərlə yalnız danışıqlar apara və bu barədə müvafiq məruzələr hazırlaya bilərlər”.

Hərbi icmalçının qənaətincə, hazırda Qarabağda sadəcə, Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında yeni təmas xəttində atəşkəs rejimi müəyyənləşdirilib. “Uzunmüddətli perspektivdə necə hərəkət ediləcəyini isə yeni danışıqlarla müəyyənləşdirmək lazımdır. Ona görə ki, məsələn, Rusiya sülhməramlıları öz məsuliyyət zonalarında polis funksiyalarını yerinə yetirmir. Qarabağın gələcəyinin dəqiqləşdirilməsi məsələsi həll edilməlidir. Müharibə bitdikdən sonrakı ilk ayda bu elə də aktual deyildi, amma artıq ciddi şəkil almaqdadır”, - deyə o əlavə edib.