Yaponiyanın paytaxtı Tokioda koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyət elan olunsa da, Yay Olimpiya Oyunları keçiriləcək.

Unikal.org-un məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iclasında Oyunların Koordinasiya Komissiyasının rəhbəri Con Kouts açıqlayıb.

O, yarışların ləğv edilməyəcəyini bildirib: “Oyunlar keçiriləcək. Hətta Tokiodakı turnir vaxtı fövqəladə vəziyyət olsa belə. İndi Yaponiyada fövqəladə vəziyyət olmasına baxmayaraq, 5 idman növü üzrə test yarışları uğurla keçirilib. Şübhə yoxdur ki, Oyunlar bu vəziyyətdə də keçiriləcək”.

Kouts yarış zamanı olacaq test proseduruna da aydınlıq gətirib: “Biz iştirakçıların vaksinasiya olunmasını alqışlayırıq. Amma buna tamamilə güvənmirik. Atletin və ya digər iştirakçının vaksinasiya edilib-edilməməsindən asılı olmayaraq, testlər daim aparılacaq. Daimi testlər – biz buna güvənirik”.

Qeyd edək ki, Olimpiada iyulun 23-dən avqustun 8-dək keçiriləcək.