"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “CNN Türk” televiziya kanalına verdiyi müsahibə bir sıra mühüm tezislərlə yadda qaldı. Müsahibədə  Cənubi Qafqaz bölgəsində ölkəmizin rəsmi mövqeyi nümayiş etdirildi və Türkiyəhəmçinin qonşu dövlətlərlə Azərbaycanın münasibətlərinin gələcək perspektivləri  ilə bağlı tutarlı proqnozlar ortaya qoyuldu".

Bu fikirləri Unikal.org-a müsahibəsində Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.

Deputat Ağalar Vəliyev söyləyib  ki, 44 günlük Vətən Müharibəsi ilə öz tarixi torpaqlarını işğaldan azad edən Azərbaycan müharibəni ləyaqətlə apardı və savaşa xas olan bütün qaydalara riayət olundu. Amma,işğalçı dövlət öz məğlubiyyətini dərk edərək Azərbaycanı dayandırmaq və mülki əhaliyə böyük zərərlər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, eləcə də artilleriya qurğuları ilə daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. 

Ermənilərin  yaşadıqları yerlərdə isə heç bir dağıntımüşahidə olunmadı. Çünki, Azərbaycan erməni mülki əhalisini hədəf götürməmişdi. Sonuncu mərhələdə verilən mina xəritələrindən söz açan dövlətimizin başçısı bu xəritələrin yüzdə iyirmi beş faiz dəqiq olduğunu və burada da ermənilərin özlərini qeyri-səmimi apardıqlarını qeyd edib.

Azərbaycanın  öz tarixi missiyasını şərəflə yerinə yetirdiyini qeyd edən millət vəkili diqqəti Cənubi Qafqazda konkret layihələrin müzakirəsinə  yönəldərəkbildirib ki, burada söhbət ilk növbədə Zəngəzur dəhlizinin açılmasından, nəqliyyat layihələrinin işə düşməsindən və ticarət əlaqələrinin qurulmasından gedir. Xüsusilə, Azərbaycan tərəfi tələb edir ki, Zəngəzur dəhlizində avtomobil yolu da çəkilsin. Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Azərbaycanın münasibətlərini dərinləşdirəcək.Lakin bunun üçün Cənubi Qafqazda uzunmüddətli sülh bərpa olunmalıdır. 
Prezident İlham Əliyev  müsahibəsində qətiyyətlə deyib ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, o zaman bölgəyə uzunmüddətli sülh gələcək.
Deputatın sözlərinə görə, Xankəndində və ətraf kəndlərdə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması onlar üçün böyük imkanlar yaradacaq.  Bununla bağlı  Prezident İlham Əliyev bildirib: “Biz Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır”.

Üçtərəfli Bəyanatın bütün müddəalarından söz açan millət vəkili göstərilən bəzi müddəaların hələ də açıq qaldığını  və Azərbaycanın  qonşusu, Ermənistanın isə yaxın strateji müttəfiqi olan Rusiyanın regionda xüsusi rol oynadığını vurğulayaraq deyib ki, Azərbaycanın bəslədiyi ümidlər ondan ibarətdir ki, Rusiya bölgənin təhlükəsizliyi üçün səylərini əsirgəməsin və uzunmüddətli sülhün yaranması üçün konkret addımlar atsın.
Dövlət başçımızın da vurğuladığı kimi, Azərbaycanın ən böyük gözləntisi odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Lakin, bu günə qədər sülhməramlıların nəzarətində olan ərazilərə Ermənistandan silahların və hərbçilərin göndərilməsi 10 noyabr üçtərəfli  Bəyanatının müddəlarına ziddir və bu hələ də davam edir. Azərbaycan Prezidenti açıq şəkildə bəyan edib: “Görünür  ikinci Qarabağ savaşı hələ ki, heç kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”

Milli Məclisin üzvü qeyd edib ki, son 18 ildə Türkiyə ilə  Azərbaycanın münasibətlərində vahid siyasət formalaşıb, iki qardaş ölkə arasında sarsılmaz dostluq və birlikyaranıb. Prezident İlham Əliyevin də bəyan elədiyi kimi Türkiyə- Azərbaycan birliyi artıq regional amildir və bu ola bilsin ki, qlobal amilə də çevrilə bilər.

Seymur Əli