Britaniyanın Mühafizəkarlar Partiyası payızın əvvəlinə qədər yeni baş naziri seçmək niyyətindədir.

"Unikal" Financial Times -a istinadən verdiyi məlumata görə, bu barədə Britaniya parlamentinin üzvləri bildirib.

Qeyd olunur ki, baş nazir seçkisinin İcmalar Palatasının yay tətilindən qayıdanda, yəni sentyabrın əvvəlində keçirilməsi planlaşdırılır.

Seçkilər iki mərhələdə keçiriləcək. Əvvəlcə parlamentin mühafizəkar üzvlərinin baş nazir postuna iki əsas namizədi seçəcəyi müsabiqə elan olunacaq. Bundan sonra 100 mindən çox olan Mühafizəkarlar Partiyasının bütün üzvləri yeni lider seçəcəklər. Məhz o, Mühafizəkarların rəhbəri və Britaniyanın baş naziri postunu tutacaq.

Financial Times-ın məlumatına görə, seçkinin birinci mərhələsinin iyulun 21-dək başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, bu gün, iyulun 7-də Boris Conson Böyük Britaniyanın baş naziri vəzifəsindən getdiyini elan edib. Qərar Kris Pinçer qalmaqalının səbəb olduğu hökumət istefalarından sonra qəbul edilib.

Gültəkin Ələsgər