İstanbulda Rusiya, Türkiyə, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndələrinin Ukrayna taxıl ixracı məsələsi ilə bağlı keçirilən görüşündə ciddi addım atılıb.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib.

"Bu gün İstanbulda Ukraynadan Qara dəniz vasitəsilə ərzaq məhsullarının təhlükəsiz və etibarlı ixracının təmin edilməsi istiqamətində mühüm addımın şahidi olduq", - dünya təşkilatının baş katibi deyib. O, vurğulayıb ki, bu gün əldə olunan tərəqqinin praktikada tətbiqi üçün daha çox texniki iş tələb olunacaq.

Quterreşin sözlərinə görə, İstanbulda danışıqlar aparan şəxslər Ukraynadan taxıl ixracının bir çox mühüm aspektləri, o cümlədən nəzarət və koordinasiya, eləcə də minalardan təmizləmə baxımından razılığa gələ biliblər.

“Bu, bir çox aspektlər üzrə, yəni nəzarət mexanizmləri, koordinasiya, minatəmizləmə məsələləri, bir çox, deyərdim, əhəmiyyətli aspektlər üzrə mahiyyətli razılaşma idi.

Quterreş hesab edir ki, Ukraynadan Qara dəniz vasitəsilə taxıl ixracı ilə bağlı yekun razılaşma gələn həftə əldə oluna bilər:

"Ümid edirəm ki, biz mümkün qədər tez bir zamanda yenidən görüşə biləcəyik, əminəm ki, gələn həftə biz yekun razılığa gələ bilərik. Amma dediyim kimi, tərəflərin hələ çox səyləri var. Mən optimistəm, amma iş hələ bitməyib” 

Quterreş tərəflər taxıl ixracı ilə bağlı razılığa gələrsə, İstanbula getməyə hazır olduğunu bildirib.

“Rəsmi razılıq əldə edildikdə, təbii ki, bu baş verərsə, tətilimi qısaldıb İstanbula getməyə hazır olacağam” deyib.