Millət vəkili Vahid Əhmədov növbəti dəfə Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşərək onları təkbətək qəbul edib.

"Unikal" xəbər verir ki, görüş zamanı seçicilər onları maraqlandıran sualları birbaşa deputata ünvanlamış və seçiciləri maraqlandıran mövzular barəsində fikir mübadiləsi aparılmışdır. Görüşdə ötən qəbullarda iştirak edən və problemləri həll olan vətəndaşlar da iştirak edərək deputata təşəkkür edib. Zizik kənd sakini,şəhid anası Nərgiz Allahyarova banka olan qalıq kredit borcunun silinməsində xüsusi təşəbbüs göstərən Vahid Əhmədova öz minnətdarlığını bildirərək, onu şəhid ailələrinin dayağı adlandırıb.

Görüşdən sonra Quba,Xaçmaz və Bakıdan gələn 103 nəfər fərdi qaydada qəbul edilərək onların problemləri dinlənib.Qəbul zamanı qaldırılan məsələlərin əsasını iş yerlərinin olmaması,ev tikintisi üçün torpaq sahələrinin verilməsi,evlərin təmirinə köməklik,məhkəmə qərarlarının icrası zamanı yaranan qanun pozuntuları,sosial yardımların və əlilliyin təyini ilə bağlı yaranan çətinliklər təşkil edib.Bu dəfəki qəbulda ötən qəbullardan fərqli olaraq,ünvanlı sosial yardımın təyini ilə bağlı deputata müraciət edənlərin sayında çoxluq qeydə alınıb.Bir çox vətəndaşlar sosial müavinətin təyinatı ilə bağlı şərtlərin çox qəliz olduğunu və bu şərtlərin sadələşdirilməsi üçün deputatın Milli Məclisdə məsələ qaldırmasını xahiş edib.Quba rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə əlaqə saxlanılaraq bir çox məsələlər yerindəcə həllini tapıb,həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara müraciətlərin hazırlanması üçün köməkçiyə tapşırıqlar verilib.

Günün ikinci yarısında “Nərgiz Plaza” sarayında millət vəkili Vahid Əhmədovun təşəbbüsü ilə iftar süfrəsi təşkil olunub.İftar süfrəsində Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev,rayon icra hakimiyyətinin məsul şəxsləri,hüquq- mühafizə orqanlarının rəhbərləri,ictimaiyyət və digər dini konfessiyaların nümayəndələri,şəhid və qazi ailələri iştirak edib. İftar süfrəsi rayonun axundu tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.Daha sonra,torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirin təşəbbüskarı olan Vahid Əhmədov 11 aprel tarixində erməni təxribatı nəticəsində şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyib.Millət vəkili iftar süfrəsində iştirak edən şəhid və qazi analarına da səslənərək şəhidlərimizin əziz xatirəsinin xalqımız üçün  çox mühim dəyərə malik olduğunu vurğulayıb. Vahid Əhmədov Ermənistanın öz başına bu təxribatları törətmək iqtidarında olmadığını və bu təxribatların arxasında Rusiya və İran dövlətlərinin olduğunu qeyd edib.Millət vəkili  ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət, xalqımızın və dövlətimizin birliyi sayəsində ölkəmizdəki əmin-amanlığı pozmaq istəyən qüvvələrin məyus olacağını bildirib.Vahid Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətini yüksək qiymətləndirərək,din pərdəsi altında vətənə xəyanət edən cəsus şəbəkələrinin ifşa olunmasının vacibliyini vurğulayıb.Millət vəkili keçirilən əməliyyatların ölkəmizdəki bütün inanclı müsəlmanlara qarşı istiqamətlənmədiyini və sadəcə vətənə xəyanət edən mənfur qüvvələri əhatə etdiyini söyləyib.Çıxışı zamanı,Ramazan ayının mərhəmət,həmrəylik,dostluq və bərəkət ayı olduğunu qeyd edən millət vəkili xalqımızı birlik və bərabərliyə səsləyib.Sonda,iftar süfrəsində iştirak edən hər kəsə minnətdarlığını bildirən millət vəkili,Allahdan tutulan oruc və edilən duaların qəbul edilməsini niyyət edib.